Audiovizual media fəaliyyəti ilə bağlı 5 yeni lisenziyanın verilməsi və 3 lisenziyanın ləğv olunması haqqında qərarlar qəbul olunmuşdur
31 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilmişdir. İclasda bir sıra məsələlərə baxılmışdır.
İlk olaraq ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan edilmiş 2 müsabiqəyə yekun vurulmuşdur. Müsabiqəyə buraxılmış iddiaçıların sənədlərinin, texniki yayım imkanlarının, kadr və maliyyə-iqtisadi potensialının yoxlanılmasını həyata keçirmiş Müsabiqə Komissiyasının məruzəsi və rəyi dinlənilmişdir. Daha sonra Audiovizual Şuranın üzvləri iddiaçılar haqqında fikirlərini bildirmişlər. Müsabiqələrə buraxılmış 5 iddiaçı arasında daha üstün texniki, kadr və iqtisadi potensiala malik olan 2 iddiaçı - "Pro Media Group" MMC (radio kanalın adı: "Planet FM") və "Broadcast Media" MMC (radio kanalın adı: "Dalğa FM") qalib elan olunmuş və müsabiqələr üzrə yekun qərarlar verilmişdir. Qərarlara əsasən ilkin mərhələdə "Bakı Teleqüllə Kompleksi"ndən 88.7 MHs radiotezliyi "Pro Media Group" MMC-nin, 92.5 MHs radiotezliyi isə "Broadcast Media" MMC-nin istifadəsinə ayrılmışdır.
Daha sonra audiovizual media fəaliyyəti üçün lisenziya verilməsi ilə əlaqədar Audiovizual Şuraya edilmiş son müraciətlər müzakirə olunmuşdur. Qəbul olunmuş müvafiq qərarlara əsasən "İdeal TVNet" MMC-yə (operator xidmətinin adı: "İdealnet") sadə platforma operatoru, "Azeuronet" MMC-yə (operator xidmətinin adı: "Azeuronet") universal platforma operatoru, "TV1 Media" MMC-yə peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyasının adı: "TV1") lisenziyaları verilmişdir.
İclasın sonunda lisenziya sahiblərinin müraciətləri əsasında "Beeonline" ASC-yə, "Global Technology" MMC-yə və "Qafqaznet" MMC-yə verilmiş universal platforma operatoru lisenziyalarının ləğv edilməsi ilə bağlı müvafiq qərarlar qəbul olunmuşdur.

Azərbaycan, Serbiya və Türkiyə arasında audiovizual media sahəsində üçtərəfli tə...

Azərbaycan nümayəndə heyəti Çin Media Qrupda və Çin Kommunikasiya Universitetind...
